YUXARI DƏRƏCƏLİ DOMENLƏRİN QEYDİYYATI ARTIQ MÜMKÜNDÜR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, iyunun 26-da Parisdə keçirilən İnternet-protokolların istifadə olunmasına nəzarəti həyata keçirən İCANN (Internet Corporation for Assigned Names and Numbers) təşkilatı sessiyası çərçivəsində səsvermə yolu ilə domen adlarının yeni konsepsiyası qəbul olunmuşdur. Həmin sənəddə 1-ci dərəcəli şəxsi domenin qeydiyyatının keçirilməsinin mümkünlüyü nəzərdə tutulur.
İCANN-da həmin qərarı tarixi qərar adlandırırlar. Çünki bu konsepsiyanın icrası nəticəsində son 25 il ərzində qlobal şəbəkədə ən mühüm dəyişikliklər baş verə bilər.
Konsepsiyanın əsas mahiyyəti hüquqi şəxslərin birinci dərəcəli domenlərə çıxış əldə etmələrindən ibarətdir. Yəni onlar .com, .net, .az və digər ənənəvi zonalar əvəzinə, şirkətlər, məsələn baku, .microsoft, .intel, .ibm, .love kimi digər istənilən həlli almaq və qeydiyyatdan keçirmək imkanı qazanırlar.
Yeni domen zonasının qeydiyyatdan keçmə qiyməti 100 min ABŞ dolları təşkil edəcəkdir. Bu cür yüksək qiymət kibercinayətkarlarla etibarlı mübarizə üçün təyin olunmuşdur.
Bundan əlavə, İCANN üzvləri domen adlarının latın hərflərindən başqa digər hərflərdə də yazılmasına dair səs vermişlər. Bunun nəticəsində isə domenlərin kiril, ivrit, ərəb və çin dillərində qeydiyyatı mümkün olacaqdır.