ZAQATALADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi yolunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin Xatirə kompleksi önünə əklil və gül-çiçək dəstələri düzmüş, onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Mədəniyyət evinin qarşısında keçirilən izdihamlı toplantıda çıxış edən rayon rəhbərləri, ziyalılar, gənclər 1990-cı ilin yanvarın 20-də qaniçən sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə həyata keçirdiyi qətliamı xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda bəşər tarixinin ən qanlı terror aktlarından biri kimi qiymətləndirmiş, cinayətkarların əməllərinə siyasi-hüquqi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən geniş bəhs etmişlər. Çıxışlarda xüsusi vurğulanmışdır ki, məhz ulu öndərimizin müdrik siyasətinin və qətiyyətli addımlarının nəticəsidir ki, bu gün 20 Yanvar respublikamızın hər yerində Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi qeyd olunur.
Anma mərasimi mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
X X X
Yanvarın 18-19-da Zaqatala şəhərindəki uşaq-gənclər idman məktəbinin zalında yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə ümumrayon birinciliyi keçirilmişdir.
Rayon Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan bu yarışlarda qələbə uğrunda rayonun 16 yaşayış məntəqəsini təmsil edən 300-dən artıq güləşçi mübarizə aparmışdır. Birinciliyin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.