ZAQATALADA İDMAN İCTİMAİYYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbiri giriş sözü ilə açan Zaqatala rayonu İcra hakimiyyətinin başçısı Asif Əsgərov son illər ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən yeni idman qurğularının tikintisi, idmançıların mükafatlandırılması, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ölkəmizin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmış, rayon idmançılarının 2006-cı ildə qazandıqları uğurları diqqətə çatdırmış, gənclərin fiziki sağlamlığının qorunmasında, onların narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşmasında idmanın mühüm rol oynadığını xüsusi qeyd etmişdir.
Tədbirdə rayon idmançılarının 2006-cı ildə fəaliyyəti barədə hesabat verən gənclər və idman idarəsinin rəisi Araz Əliyev ötən ilin rayonun idman həyatında xüsusilə yaddaqalan olduğunu bildirmiş, Prezident İlham Əliyevin şəxsən iştirakı ilə aprel ayında Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasiminin keçirilməsinin hər bir zaqatalalının qəlbində silinməz iz buraxdığını xüsusi vurğulamışdır. İdmançıların respublika və beynəlxalq səviyyəli yarışlarda xüsusi fəallıq göstərdiyini qeyd edən idarə rəisi, ötən il rayon idmançılarının 12 qızıl, 18 gümüş və 26 bürünc medal qazanmasını çox böyük nailiyyət kimi qiymətləndirmişdir.
Sonra 2006-cı ildə respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə etmiş Zaqatala idmançılarının bir qrupuna rayon icra hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir. Mükafatlandırılanlar sırasında yeniyetmələr arasında cüdo üzrə respublika birinciliyinin qalibləri Ramin Qurbanov, Orxan Hacıağalı, gənclər arasında ölkə birinciliyinin qalibi Gözəl Zutova, respublika oyunlarının qalibi Xuraman Əliyeva və digərlərinin adları vardır.
Daha sonra rayonun uşaq-gənclər idman məktəblərinə, idman klublarına, kənd bələdiyyələrinə Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman Sağlamlıq Mərkəzinin yardımı - idman geyimləri, tatamilər, güləş döşəkləri və müxtəlif idman ləvazimatı təqdim edilmişdir.