ZBİQNEV BJEZİNSKİ AZƏRBAYCANIN NATO-YA DAXİL OLMASINI TAMAMİLƏ REAL HESAB EDİR
Dünyanın məşhur siyasətçilərindən biri, 1977-81-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, geniş əks-səda doğurmuş “Böyük şahmat taxtası” kitabının müəllifi, “geopolitikanın kralı” adlandırılan Zbiqnev Bjezinski NATO-nun bu yaxınlarda Praqada başa çatmış zirvə görüşündə mətbuatın daim diqqət mərkəzində olmuşdur. O, burada zirvə görüşü ilə bir vaxtda keçirilən “NATO-nun transformasiyası” mövzusunda konfransda iştirak edirdi.
Z.Bjezinski BBC-nin Rusiya xidmətinə verdiyi müsahibədə bir sıra məsələlər barədə, o cümlədən Azərbaycanın NATO-ya daxil olması ehtimalı barədə sualla bağlı fikirlərini açıqlamışdır.
NATO-nun inkişaf mərhələlərindən danışarkən cənab Bjezinski vurğulamışdır ki, bu yolda üçüncü mərhələ labüddür. O bildirmişdir ki, bunu deyərkən bir müddətdən sonra Xorvatiya, Serbiya və Makedoniyanın NATO-ya qəbul edilməsi ehtimalından daha çox Ukraynanın, ola bilsin, Gürcüstanın və Azərbaycanın bu təşkilata daxil olmasının mümkünlüyünü nəzərdə tutur.
Z.Bjezinski demişdir ki, doğrudur, hələlik Azərbaycan bəzi sahələrdə NATO standartlarına uyğun gəlmir. Amma bir neçə il əvvəl Bolqarıstan da bunlara uyğun gəlmirdi. Mən inanıram ki, Azərbaycan tezliklə bu meyarlara tam uyğun gələcəkdir. Çünki Azərbaycanın rifahı sürətlə yüksəlir və o, bir müddətdən sonra tam demokratik ölkəyə çevriləcəkdir. Bu gün NATO-nun üzvləri tamamilə demokratik ölkələr olmalıdır. Mən elə bir səbəb görmürəm ki, Azərbaycan belə bir ölkə ola bilməsin.