Zəfər Günü ilə əlaqədar Samuxda qanvermə aksiyası keçirilib
Samux, 3 noyabr, AZƏRTAC
Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Samuxda 8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon gəncləri iştirak ediblər.
Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Samuxdan 200-dən çox sakin qoşulub.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.