ZEYNƏB CAVADLI QARA DƏNİZ ÖLKƏLƏRİ OYUNLARININ BÜRÜNC MÜKAFATÇISIDIR
Azərbaycan gimnastı Zeynəb Cavadlı Trabzonda keçirilmiş I Qara dəniz ölkələri oyunlarının bürünc mükafatına layiq görülmüşdür. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Z.Cavadlı gürzlə hərəkətlərin finalında 16,85 bal toplayaraq 3-cü yeri tutmuşdur. Çoxnövçülüyün digər növlərində gimnastımız 64,767 balla 4-cü olmuşdur.
Digər gimnastımız Leyla Şamilova iplə finalda və şəxsi hesabda yaxşı nəticələr göstərərək, 5-ci yeri tutmuşdur. Gənc gimnastlarımız mütləq birincilikdə nisbətən uğursuz çıxış etmişlər. Yevgeniya Jidkova 15-ci, Səbinə Abbasova 17-ci, Nigar Abdusəlimova 18-ci olmuşlar.
Sonuncu Avropa çempionatının qalibi Aliyə Qarayeva, bürünc mükafatçıları Anna Qurbanova və Dinara Gimatova isə Xorvatiyada Rusiya komandası ilə təlim-məşq toplanışında iştirak edirlər. Rusiya yığmasının baş məşqçisi İrina Vinerin dediyinə görə, Xorvatiyanın iqlimi sentyabr ayında dünya çempionatının keçiriləcəyi Yunanıstanın iqliminə bənzəyir. Bu çempionatda 2008-ci il Pekin olimpiadasına lisenziyalar uğrunda mübarizə gedəcəkdir.
Bakıda keçirilən Avropa çempionatında gimnastlarımızın uğurlu çıxışından sonra dünya reytinq cədvəlində vəziyyət dəyişmişdir. Belə ki, Qarayeva siyahıda 13 bənd yuxarı qalxaraq, iplə hərəkətlərdə 8-ci yeri (96,8 bal), Gimatova lentlə hərəkətlərdə üç bənd qalxaraq, 11-ci yeri (38,85 xal), Qurbanova da iplə hərəkətlərdə üç pillə yuxarı qalxaraq, 14-cü yeri (38,21 xal) tutmuşlar.
Bakıda məşq keçən böyüklərdən ibarət qrup komandamız dünya lisenziya çempionatına hazırlaşır. İlin başlıca gimnastika yarışması ərəfəsində kollektiv bir neçə turnirdə, o cümlədən İsraildə və Sloveniyada keçiriləcək dünya kuboku mərhələlərində iştirak edəcəkdir. Komanda reytinq vərəqində 5 iplə hərəkətlərə görə 9-cu yerdədir.
Beynəlxalq Gimnastika Federasiyası Texniki Komitəsinin Bakıda keçirilən iclasında bu və digər məsələlər müzakirə olunmuşdur. Komitənin prezidenti Eqle Abruzzini başda olmaqla digər üzvlər çıxışlara görə qiymətlərin təsnifatını nəzərdən keçirmiş, yeniyetmələr üçün olimpiadaların keçirilməsi ideyasını dəstəkləmiş və bədii gimnastikanın dünyada təbliği ilə bağlı plan tərtib etmişlər.