Ziya Zakir Acar: Ermənistanın Azərbaycana qarşı muzdlu döyüşçülərdən istifadəsini kəskin şəkildə qınayırıq
Ankara, 6 noyabr, AZƏRTAC
Azərbaycanın işğal altındakı ərazilərində PKK-nın mövcudluğu Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terrorçu fəaliyyətini təsdiq edən növbəti sübutdur.
Bu fikri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı Ziya Zakir Acar bildirib.
Azərbaycan tərəfinin bu mövzuda əldə etdiyi dəlillərin və digər sübutların terrorçuların və muzdlu əsgərlərin münaqişəyə cəlb edilmə məsələsində Ermənistanı beynəlxalq hüquq qarşısında fakt qarşısında qoyduğunu diqqətə çatdıran tədqiqatçı deyib: “Ermənistan terror gücünə yaranan bir dövlət olduğu üçün bu istiqamətdə fəaliyyət təcavüzkar ölkənin rəhbərliyi üçün normaya çevrilib. Beynəlxalq təşkilatlar, terror əleyhinə olan dünya birlikləri, eləcə də insan haqları məhkəmələri Ermənistanın terrorçu siyasətinə ən qısa zamanda reaksiya verməlidir. Əks halda, digər ölkələrin də terrorçulardan istifadəsi geniş yayıla bilər. Türkiyə ictimaiyyəti olaraq Ermənistanın Azərbaycana qarşı muzdlu döyüşçülərdən və terrorçulardan istifadə etməsini kəskin şəkildə qınayırıq. Muzdlu döyüşçüləri və terrorçuları Ermənistana ixrac edən, onların keçidinə tranzit imkanı yaradan ölkələrə də çağırış edirik - bu prosesi dayandırın! Terrorçudan fayda götürmək əbədi ola bilməz. Əbədi olan ədalət, sülh və əmin-amanlıq, haqqı müdafiə etmək istiqamətlərində səy göstərməkdir.”
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara