CƏMİYYƏT
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Qafqaz Müsəlmanları İdarəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın və xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarları önünə tər güllər düzüblər.
Anım mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görkəmli oftalmoloqun Azərbaycanın vətənpərvər qadını olduğunu söyləyib. O deyib ki, akademik Zərifə Əliyevanın dinə rəğbəti çox böyük idi, o, həmişə nəcib əməlləri ilə İslam dininə münasibətini bildirib. Zərifə Əliyevanı və ailəsini şəxsən tanıyan hər bir kəs onun haqqında xoş, müsbət fikirlər söyləyir. Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də qadınlar üçün nümunədir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Zərifə xanım Əliyeva müasir müstəqil dövlətimizin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. Onun işıqlı xatirəsi daim ürəklərdə yaşayacaq.
Sonda ehsan süfrəsi açılıb.