REGİONLAR
Şuşalı sərrac özünüməşğulluq proqramından yararlanaraq qədim el sənətini yaşadır VİDEO
Bərdə, 2 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın dilbər guşələrindən olan Qarabağ tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaqçılıq, zərgərlik, misgərlik, qalayçılıq, nalbəndlik, sərraclıq kimi sənət növlərinin inkişaf etdiyi ərazilərimizdəndir. Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi sərraclıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.
Sərraclıq sənətini bu günədək yaşadanlardan biri də Şuşa şəhərindən olan məcburi köçkün, 1992-ci ildən Bərdə rayonunda məskunlaşan Saleh Məhərrəmovdur.
Saleh Məhərrəmov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, sərraclıq sənəti ona babasından keçib: “Babam pаpаqçı Qəhrəmаnı şuşalılar yaxşı xatırlayırlar. O, papaqla yanaşı, keçə, palan da hazırlayırdı. Elə bu sənətə də bаbаmdan qalma qədim tikiş mаşınında işləməklə yiyələnmişəm”.
Bu qədim sənəti davam etdirmək üçün Saleh ustanın emalatxanası olmayıb. O, cari ilin əvvəllərində özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən lazımi materiallarla təmin olunub. Verilmiş aktivlər hesabına minik və yük heyvanları üçün dəri aksesuarları hazırlamaq üzrə öz ailə biznesini formalaşdırıb. “Dövlətimizin özünüməşğulluq proqramı ata-babadan qalma sənəti davam etdirmək üçün mənə, nеcə dеyərlər, bir qаpı аçdı. Məşğulluq Mərkəzinə mürаciət еtdim və lаzımi kömək göstərildi. Biznеs-lаyihəmi hаzırlаyıb təqdim еtdim. Qiymətləndirmədə üstünlük qаzаndım. Bundаn sоnrа mənə müvаfiq qаydаdа mаl-mаtеriаl, о cümlədən еlеktriklə işləyən müаsir tikiş mаşını, gön-dəri məmulаtı, оnlаrı rəngləmək üçün kоmprеssоr, digər аvаdаnlıqlаr vеrdilər. Bеləcə, münаsib bir yеrdə оtаq icаrəyə götürüb işə bаşlаdım”, - deyə Saleh Məhərrəmov əlavə edib.
Sərrac hazırda emalatxanasında minik və yük heyvanları üçün yəhər, yüyən, tapqır, noxta, quşqun və sair aksesuarlar düzəldir və təmir edir. Yəhərin hazırlanmasından danışan usta bildirib ki, yəhər taxta, turba, gön-dəri və ya dəri əvəzedicisindən düzəldilir: “Əvvəlcə atın belinin ölçüsü götürülür. Sonra yəhərin qaltağı yonulur. Papışlar tikilib qaltağa keçirilir. Bu, qaltağın atın belini döyməməsi üçündür. Papışlar dəri əvəzindən də hazırlanır. Ancaq gön-dəri daha elastik və uzunömürlü olur. Dərinin astarına keçə tikilir ki, yumşaq olsun. Yəhərin atın belindən sürüşməməsi üçün isə tapqır və quşqun hazırlanır”.
İşini çox sevdiyini deyən Saleh Məhərrəmov unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnundur. Ən böyük arzusu isə sərraclığı doğma şəhəri olan Şuşada davam etdirməkdir.