REGİONLAR
Xaçmazın Çılğır kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
Xaçmaz, 16 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Çılğır kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi orta məktəbin yeni binasında 9 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabrında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 300 kvadratmetrdir.
Çılğır kəndində məktəbin açılış mərasimində rayon icra hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Məktəbin direktoru Telman Abbasov Çılğır kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Rayon icra hakimiyyətinin nümayəndəsi Əzizağa Şirinov müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, Xaçmaz rayonunda son on ildə 50-dən çox məktəb binası tikilərək istifadəyə verilib. Rayonun Bayoba, Gəncəli və Aşağı Ləgər kəndlərinin şagirdləri isə bu tədris ilindən başlayaraq yeni modul tipli məktəbdə təhsil alırlar. Yaxın günlərdə Əzizli kəndində də modul tipli məktəb binasının açılışı olacaq.
Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.
Açılış mərasimindən sonra məktəb zənginin sədaları altında şagirdlər yeni sinif otaqlarına daxil olublar.