“Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” mövzusunda tədbir keçirilib VİDEO
Bakı, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Fondun qrant müsabiqələrinin qalibləri və media nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ümummilli lider Heydər Əliyevin respublikamızın inkişafı, dünyaya tanıdılması istiqamətində gördüyü əvəzsiz xidmətlərindən söz açaraq deyib: “Respublikamızda elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin imzası olmasın. Ümummilli lider Heydər Əliyev həmişə gənclərin inkişafına xüsusi diqqət yetirib və bu sahəni diqqət mərkəzində saxlayıb. Gənclərə qayğı ilə yanaşan Ulu Öndərimiz onların problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması, intellektual səviyyələrinin, eləcə də ictimai-siyasi fəallıqlarının artırılması məsələlərinə xüsusi diqqət yetirib. Dahi şəxsiyyət sovet dövründə Azərbaycana rəhbərliyi illərində peşəkar kadrların hazırlanması və savadlı gənc nəslin yetişdirilməsi ilə bağlı uzaqgörənliklə mühüm tədbirlər həyata keçirib. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilib”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev 2018-ci ilin ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ölkəmizin bütün bölgələrində, eləcə də xaricdə yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə qeyd olunur. Həmçinin cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun, Milli Məclisin yaradılmasının 100 illiyi qeyd olunacaq. Bütün bunlar Azərbaycanın zəngin dövlətçilik tarixindən xəbər verir. Ölkəmizin inkişafında və çiçəklənməsində Heydər Əliyev şəxsiyyətinin rolu böyükdür.
“Bu gün Azərbaycanda milli gənclər siyasətinin inkişafı, onların maraqlarının təmin olunması, idarəçilik sistemində önə çəkilməsi, hüquqlarının qorunması dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəmizin gənclər siyasəti dünyada bir model kimi qəbul olunur. Bu model hazırda bəzi ölkələr tərəfindən tətbiq edilir. Biz də dünya təcrübəsini öyrənir və uğurlu məqamları tətbiq etməyə çalışırıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin banisi olduğu uğurlu gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi sayəsində mümkün olub”, - deyə İntiqam Babayev qeyd edib.
Ulu öndər Heydər Əliyevin digər sahələrə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərdiyini diqqətə çatdıran Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib: “Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev gənclərə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritet istiqamətlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, Gənclər Fondunun keçirdiyi qrant müsabiqələrinin müxtəlif kateqoriyalar üzrə qalibləri Elvin İsmayılov və Leyla Zeynalova ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə məlumat verib, vətənpərvər, bilikli, sağlam gənc nəslin formalaşmasında Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıblar.
Tədbirdə Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” mövzusunda təqdimatla çıxış edib.
Sonda Fondun hazırladığı və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən film nümayiş olunub.