Bakı-Şamaxı–Yevlax avtomobil yolunun daha bir hissəsi genişləndirilir VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik (16 kilometr) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, layihə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Layihəyə uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 kilometrlik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27,5 metr, yolun hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni 5 metr, çiyinlərin eni isə 3,75 metr təşkil edəcək. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7,5 metrdən 15 metrə qədər genişləndirilir.
Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 107-ci kilometrində Acıdərə çayı və 104,5-ci kilometrində Pirsaatçay üzərindən salınacaq. Artıq Pirsaatçay körpüsünün inşasına başlanılıb və körpünün dayaqlarının betonlanması işləri yekunlaşdırılıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu kilometrlik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədilə, yol yatağının əlavə bərkidilməsi işləri görüləcək, dəmir-beton svaylar vurulacaq, drenaj kanallar inşa ediləcək. Daha sonra yol əsasının inşası işlərinə başlanılacaq.
Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq. Yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.