Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “VAZ-21011” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunun tavan hissəsində, eləcə də sağ və sol qanadlarında gizlədilmiş, üzərində “Magic Shots” yazısı olan 384 ədəd və üzərində “Triangle cracker” yazısı olan 1800 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.