REGİONLAR
Xaçmazda 432 şagird yerlik məktəb binası inşa olunur VİDEO
Xaçmaz, 27 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində 432 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda binanın birinci mərtəbəsinin tikintisi həyata keçirilir. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina növbəti tədris ilindən istifadəyə veriləcək.
Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Otuz sinif otağından ibarət olacaq tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, 2018-ci ildən şimal bölgəsinin altı rayonunda 20 yeni modul tipli məktəb binasının tikintisinə başlanılıb. Bu məktəblərdən 18-i artıq istifadəyə verilib. Xaçmaz rayonunun Cığatay, Siyəzənin Qalaaltı kəndlərində quraşdırılan modul tipli məktəblər isə yaxın günlərdə şagirdlərin ixtiyarına veriləcək.