REGİONLAR
Turizm əhəmiyyətli Quba–Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Quba, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin son mərhələsi həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində aparılır. Yolun bu hissəsinin asfaltlanması yaxın günlərdə başa çatdırılacaq.
46 kilometrlik yolun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən 40 kilometrinə artıq birinci qat asfalt döşənib. Vəlvələçay çayı üzərində qurulan 3 körpüdən ikisinin inşası da başa çatıb. Çayqovuşan adlanan ərazidə tikilən sonuncu körpüdə isə işlər tamamlanmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, lazımi yerlərdə yeni su boruları tikilib.
Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.