Biləsuvarlı fermerlər cins damazlıq heyvanların sayının artırılmasına maraq göstərirlər VİDEO
Biləsuvar, 12 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Ötən il Biləsuvarda fermerlərə süni mayalanmadan əldə olunan cins buzovlara görə dövlət tərəfindən 60 min manata yaxın subsidiya ödənilib.
AZƏRTAC xəbər verir ki, Biləsuvar rayonunda son bir neçə ildə iribuynuzlu cins heyvanların sayı xeyli çoxalıb. Süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya verilməsi isə bu sahəyə marağı daha da artırıb. Ötən il rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1381 baş inək və düyə süni yolla mayalandırılıb, bundan hələlik 647 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Buzovlardan 50-yə yaxını əkiz doğulub.
Sahibkarlar tərəfindən son illər lizinq yolu ilə bölgənin iqliminə uyğun olaraq, Almaniya və Avstriyadan alınıb gətirilən “Aberdin-anqus”, “Simmental”, “Holşteyn-friz”, “Şvis” cinsli heyvanların baş sayı 200-ü ötüb. Belə fermer təsərrüfatlarından biri də rayonun Nəsimi kəndindədir.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Elman Cəfərov bildirib ki, rayonda heyvandarlıq təsərrüfatlarında 40 min baş iribuynuzlu heyvan saxlanılır. Onların arasında dövlətin dəstəyi ilə xaricdən gətirilmiş cins damazlıq heyvanlar da var. Vətəndaşlar həm ətlik, həm də südlük istiqamətli cins damazlıq heyvanların baş sayının artırılmasına böyük maraq göstərirlər.
Qeyd edək ki, bu ildən fermerlər heyvandarlıq sahəsində də subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə alacaqlar. Yerli heyvanların süni mayalandırılması nəticəsində doğulan hər sağlam buzova görə fermerlər subsidiya almaq üçün müvafiq məlumatları elektron sistemə daxil etməli və subsidiya üçün müraciət ünvanlamalıdırlar.