İQTİSADİYYAT
Moskvada MDB İqtisadi Şurasının 85-ci iclası keçirilib VİDEO
Moskva, 13 mart, AZƏRTAC
Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 85-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Baş Nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.
İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlıq sahələrini əhatə edən məsələlər daxil edilib.
İclası İqtisadi Şuranın sədri, Özbəkistan Respublikasının Baş Nazirinin müavini - İqtisadiyyat və Sənaye naziri Cəmşid Kuçkarov aparıb.
Tərəflər iclasda Özbəkistanın 2030-cu ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf Strategiyası layihəsinə MDB Hökumət Başçıları Şurasının növbəti iclasında baxılması təşəbbüsünü dəstəkləyiblər.
Şura üzvləri 2030-cu ilədək olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri layihəsini bəyənib, həmçinin 2020-2023-cü illər üçün razılaşdırılmış sosial və demoqrafiya siyasəti Konsepsiyasının icrası üzrə Tədbirlər Planını qəbul ediblər.
Dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə 2021-ci il MDB-də Memarlıq və Şəhərsalma İli elan edilib. İclas iştirakçıları tərəfindən qəbul edilən Tədbirlər Planına müvafiq olaraq, 2021-ci il ərzində memarlıq və şəhərsalma mövzusunda forum və müsabiqələr, sərgilər, tematik elmi-praktik konfranslar, dəyirmi masalar və seminarlar keçirilməsi nəzərdə tutulur.
MDB-nin iştirakçı dövlətlərinin bitkilərin karantini sahəsində kadrların təkmilləşdirilməsi və yenidənhazırlanması üzrə baza təşkilatı haqqında Əsasnaməyə dəyişikliklər bəyənilib. Bundan əlavə, MDB İqtisadi Şurasının üzvlərinə müxtəlif informasiya-analitik və sorğu materialları təqdim edilib.
MDB İqtisadi Şurasının növbəti, 86-cı iclası iyunun 19-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində milli pavilyonlardan birində təşkil olunacaq.
MDB İqtisadi Şurasının iclası başa çatdıqdan sonra nümayəndə heyətləri “MDB+dünya” Beynəlxalq İqtisadi Forumunun işində iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva