CƏMİYYƏT
Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilibVİDEO
Bakı, 21 aprel, G.Mahmudlu, AZƏRTAC
Aprelin 21-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində qanvermə aksiyası keçirilib. Aksiyada YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının gəncləri iştirak ediblər.
YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev AZƏRTAC-a bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyası təşkil edib. Onun sözlərinə görə, hər zaman humanist, xeyirxah təşəbbüslərin müəllifi olan Mehriban xanım Əliyevanın qana ehtiyacı olan insanlar üçün belə bir çağırış etməsi də cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır.
H.Paşayev qeyd edib ki, YAP İcra Katibliyində təşkil olunan bugünkü aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən talassemiya xəstələrinə yardım məqsədi daşıyır. O, aksiyanın təşkilinin partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verdiyini diqqətə çatdırıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının baş həkiminin müavini Namirə Abbasova keçirilən qanvermə aksiyasını yüksək dəyərləndirib. Onun sözlərinə görə, partiyanın hər il belə aksiyalar təşkil etməsi çox humanist addımdır. N.Abbasova deyib ki, toplanan qan talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Toplanan qan laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-dən 65-dək olan sağlam insanlar qan verə bilərlər: “Burada insanlar qan verməzdən əvvəl həkim müayinəsindən keçirlər. İnfeksion xəstəliklər, o cümlədən əməliyyat keçirmiş, həmçinin şəkərli diabet, zob, ürək çatışmazlığından əziyyət çəkən insanlar qan verə bilməzlər. Qanvermənin müsbət cəhətləri də var. Belə ki, təzyiq yüksəkdirsə, qan verdikdən sonra normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir. Qan vermək ürəyin də fəaliyyətinə müsbət təsir edir. Ən əsası, insanlar qan verməklə qana ehtiyacı olan vətəndaşlara yardım göstərdikləri üçün özlərini xoşbəxt hiss edirlər”, - deyə N.Abbasova söyləyib.
Aksiya iştirakçılarından biri olan Amil Xankişiyev deyib: “Bugünkü aksiyada öz ailə üzvlərimlə iştirak edirəm. Belə nəcib bir təşəbbüsdə iştirak etməkdən məmnunuq. Çünki qan verməklə hər hansı bir irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşımıza kömək edə, onun həyatını xilas edə bilərik”.
Qeyd edək ki, qanvermə aksiyasında, ümumilikdə, 40-dan çox YAP üzvü iştirak edib.