CƏMİYYƏT
Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları 150 ailəyə sovqatlar paylayıblar VİDEO
Bakı, 21 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin şəxsi heyəti koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə nümunəvi xidmət etməklə yanaşı, hər zaman köməyə və qayğıya ehtiyacı olan insanların da yanında olmağa çalışır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu dəfə nazirliyin Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə yardım edilib. İdarə əməkdaşları ümumilikdə 150 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər.
Yasamal rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər. Polis əməkdaşları həmçinin baş çəkdikləri ailələrdə bir daha maarifləndirici söhbətlər apararaq onlara karantin rejim qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlar veriblər.