Meylim üzündəki qara xaldadır... İsmayıllının laləli düzləri VİDEO
İsmayıllı, 1 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri ayaq saxlamağa vadar edir, sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırır. Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al qırmızı lalələr İsmayıllıda füsunkar mənzərə yaradıb.
AZƏRTAC xəbər verir ki, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, Talıstan kəndinin ətrafında dəmyələrdə əkilmiş sinəsi laləli taxıl sahəsi - bu əsrarəngiz gözəllik görənlərin marağına səbəb olur.
Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.