15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur
Bakı, 15 may (AZƏRTAC). 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltməyə xidmət edir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır”.
Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra Dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra maraqlı layihələr reallaşdırılır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dövlətin ailə siyasətini həyata keçirir. AQUPDK 15 May Beynəlxalq Ailə Gününü Azərbaycanın ən səfalı guşələrində keçirir. Bu il isə Ailə bayramı İsmayıllı rayonunda qeyd edilir. Ölkəmizin əksər rayonlarından bu tədbirə toplaşmış nümunəvi ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür.