ELM VƏ TƏHSİL
160 nömrəli Klassik Gimnaziyada Rusiya tarixinə dair açıq dərs keçirilmişdir
Bakı, 9 oktyabr (AZƏRTAC). 160 nömrəli Klassik Gimnaziyada Rusiya tarixinə dair açıq dərs keçirilmişdir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məşğələlər “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin Rusiyanın 1812-ci il Vətən müharibəsində qələbəsinin 200 illiyinin və Rusiya dövlətçiliyinin yaranmasının 1150 illiyinin bayram edilməsinə həsr olunmuş tədbirlər planına müvafiq keçirilmişdir.
Bakıda və regionlarda fəaliyyət göstərən ümumtəhsil məktəblərində, Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəsinin iştirakçısı olan məktəblərdə həmin mövzu üzrə açıq dərslər keçiriləcəkdir.
Gimnaziyanın 10-cu sinif şagirdləri Borodino döyüşünə həsr olunmuş təqdimat hazırlamış, 1812-ci il Vətən müharibəsinin əhəmiyyətli mərhələlərindən söz açmışlar. Açıq dərs “Hərb və sülh” bədii filmindən fraqmentlərin nümayişi ilə müşayiət olunmuşdur. Şagirdlər rus şairi, 1812-ci il Vətən müharibəsinin qəhrəmanı, partizan hərəkatının başçısı Denis Davıdovun şeirləri əsasında ədəbi-musiqili kompozisiya təqdim etmişlər. Məşğələyə hazırlığın yüksək səviyyəsi məktəblilərin Rusiya tarixinin öyrənilməsinə böyük maraq göstərdiklərini təsdiq etmişdir.