SİYASƏT
Hulusi Akar: Türk əsgəri azərbaycanlı qardaşlarımıza lazımi köməyi göstərəcək VİDEO
Ankara, 21 noyabr, AZƏRTAC
Azərbaycanla bağlı qərar qəbul olunub. Hazırlıqlarımız başa çatıb. Bu qərardan irəli gələn vəzifələrə uyğun olaraq əsgərlərimiz Azərbaycandakı xidmətlərinə başlayacaqlar. Hərbi Hava Qüvvələrimiz hərbçilərimizi daşımaq üçün hazırdır. Türk əsgəri azərbaycanlı qardaşlarımıza lazımi köməyi göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdiyini diqqətə çatdıran nazir deyib: “Rusiya ilə müzakirələrimiz davam edir. Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin müdafiəsi üçün nə tələb olunurdusa, hamısını etmişik və edirik”.
Bəzi Qərb siyasətçilərinin proseslə bağlı ədalətsiz mövqeyinə münasibət bildirən nazir qeyd edib: “Həqiqətdən uzaq olan bu fikirlər tam yanlış dəyərləndirmədir. Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd olan heç bir iş görməyib. Həyata keçirilənlərdə əsas məqsəd 30 ildən bəri işğal altında olan torpaqların düşməndən azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir”.
Vətənin qorunmasının və işğal altındakı torpaqların azad edilməsinin müqəddəs borc olduğunu xatırladan nazir deyib: “Azərbaycan Ordusu məhz bu işi görüb. Ermənistan ordusu isə bütün dünyanın gözü qarşısında Azərbaycanın mülki yaşayış məntəqələrini, şəhərləri, dinc insanları bombalayıb”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara