Səbail rayonunda geyim mağazasında və kafedə müştərilərdən oğurluq edən dəstə üzvləri saxlanılıblar VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Səbail rayonu ərazisində, Fəvvarələr meydanında yerləşən geyim mağazalarından birinə alıcı kimi gələn şəxsin çantasından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən zərərçəkən həyat yoldaşının çantasından 800 manat məbləğində pulun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib. Zərərçəkən, həmçinin özünün də eyni mağazanın paltardəyişmə otağında olan zaman gödəkcəsini saxlamaq üçün azyaşlı övladına verdiyini və həmin gödəkçənin də cibindən içərisində bank kartları və sənədlər olan pul qabının oğurlandığını, kartlardan birindən 200 manat məbləğində pul çıxarıldığını qeyd edib.
Zərərçəkən ailənin şikayəti əsasında polis bölməsində dərhal araşdırmalara başlanılıb. Ərazidə və mağazada olan təhlükəsizlik kameralarındakı görüntülərə baxış keçirilən zaman hadisənin hansı şəraitdə törədildiyi müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əvvəllər dəfələrlə məhkum olunan Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasov saxlanılıb.
Bu şəxslərin ətrafında araşdırma aparılan zaman onların Səbail rayonunda Rəsulzadə küçəsində yerləşən kofe evində bir müştərinin də pul kisəsini oğurladıqları məlum olub. Dəstə üzvlərinin bu cinayəti də müşahidə kameraları vasitəsilə qeydə alınıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Faktlarla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasovun paytaxt ərazisində bu qəbildən digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələri, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.