Şəhid Şamo Rəhimovun xatirəsi anılıb VİDEO
Füzuli, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şəhid Şamo Rəhimov yaşasaydı 39 yaşını qeyd edəcəkdi. Qırx dörd günlük Vətən müharibəsində şəhid olan qəhrəmanımızın ad günündə Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, qazilərimiz onun xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəhimov Şamo Heydər oğlunun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində qazandığı Zəfərdən danışıblar. Bildirilib ki, bu qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim bu tarixin əsl qəhrəmanları kimi yaddaşlarda qalacaq. Vətən müharibəsində ölümün gözünə dik baxan igidlər bir amal uğrunda döyüşərək 30 illik Vətən həsrətinə son qoydu və hər biri dastan olmaqla yanaşı, həm də gələcək nəsillər üçün örnək oldu.
Qeyd olunub ki, 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olan Şamo uşaqlıq illərini də elə cəbhə rayonunda yaşayaraq vətənpərvər ruhda böyüyüb. O, Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Şamo xidməti dövründə də fərqlənib. Sonra müddətdən artıq həqiqi hərbi xidməti seçərək, Vətənin keşiyində dayanıb. Aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. Vətən müharibəsində də Şamo ön sıralarda döyüşə qoşulub, əsl qəhrəman kimi döyüşüb. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərən Şamo oktyabrın 1-də gərgin döyüşlər zamanı şəhid olub.
Qeyd edək ki, Şamo Rəhimov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğurunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.