Quba Regional Perinatal Mərkəzində üçəm doğulub VİDEO
Quba, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Regional Perinatal Mərkəzində üçəm dünyaya gəlib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Siyəzən rayon sakini 19 yaşlı Qızılgül Zabitli avqustun 22-də təcili tibbi yardım maşını ilə Quba Regional Perinatal Mərkəzinə gətirilib. Q.Zabitli vaxtından əvvəl doğuş təhlükəsi, 33 həftəlik hamiləlik və üçəm diaqnozu ilə mərkəzə qəbul olunub və gənc ana uşaqları dünyaya gətirib. Üçəmin ikisi qız (2 və 2,2 kiloqram), üçüncüsü isə oğlan (1,4 kiloqram) uşağıdır. Əvvəlcə körpələrin hər üçünə tənəffüs dəstəyi göstərilib. Hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır.
Bu, gənc ananın ilk hamiləliyidir. On doqquz gün əvvəl doğulan körpələr yaxın günlərdə evə buraxılacaq.