Xəzər rayonunda narkotiklərin satışı ilə məşğul şəxsdən 14 kiloqramdan çox narkotik vasitə götürülüb VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs - əvvəllər məhkum edilmiş Hüseynağa Qafarzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən tutulan zaman onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə - metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.