Düşmənin Füzuli istiqamətində sədlərini yaran şəhid Büsat Qurbanov VİDEO
Füzuli, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Büsat Qurbanovun ad günündə xatirəsi anılıb. Şəhidin anadan olmasının 21-ci ildönümü məzarı yanında qeyd edilib və qəhrəmanlıq dolu xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qurbanov Büsat Əfsər oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək, ruhuna dualar oxunub. Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində qazandığı Zəfərdən və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığından söhbət açıblar. Bildirilib ki, şəhidlərimiz bu şanlı tarixin əsl qəhrəmanları olaraq daim yaddaşlarda qalacaq.
Qeyd olunub ki, 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açan Büsat orta məktəb illərində də vətənpərvərliyi ilə seçilib. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Büsat hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. Döyüşlər başlayan ilk gündən Vətən müharibəsində iştirak edən Büsat igidliyi və qəhrəmanlığı ilə seçilib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşaraq düşmən sədlərinin yarılmasında və kəndlərin azad olunmasında igidlik göstərib. Büsat Füzuli uğrunda gedən gərgin döyüşlər zamanı oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Büsat Qurbanov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.