CƏMİYYƏT
Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb VİDEO




Bakı, 13 sentyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Maştağa, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan ümumilikdə dörd kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, bir ədəd “Kalaşnikov” markalı avtomat, beş ədəd patron, eləcə də həmin silaha məxsus daraq aşkarlanıb.
Əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ramil Əhmədov saxlanılaraq rayon polis idarəsinin 12-ci polis şöbəsinə gətirilib. Onun üzərində və yaşadığı Balaxanı qəsəbəsində yerləşən evindən ümumilikdə 3 kiloqram 550 qram marixuana aşkar edilib. Ramil Əhmədov ifadəsində narkotik tərkibli çətənə kollarını öz həyətində əkdiyini və qulluq etdiyini bildirib. Daha sonra həmin şəxs çətənə kollarını qurudaraq satmaq və şəxsi istifadəsi üçün özündə saxlayıb.
Rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə Zabrat qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb. Əməliyyat zamanı Vasif İsmayılov, Cabbar Hümbətov, Hüseyn Süleymanov, İlqar Əliyev və Vidayət Bədirov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən hazır satış üçün qablaşdırılan heroin, metamfetamin və marixuana aşkarlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayonun digər ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha altı nəfər – Şahlar Bədirxanov, Rövşən Fətəliyev, Fərid Mustafayev, Cəmilə Qurbanova, Rahil Abbasov və Xaqani Axundov saxlanılıblar. Onların da üzərindən külli miqdarda heroin, metamfetamin, marixuana və narkotik vasitələrin satışında istifadə etdikləri elektron tərəzilər aşkarlanaraq götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı rayon polis idarəsində araşdırmalar başlanılıb, adları sadalanan şəxslər istintaqa cəlb olunublar və barələrində araşdırmalar davam etdirilir.
Narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.