İQTİSADİYYAT
2011-ci ildə Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin edilmişdir
Bakı, 1 yanvar (AZƏRTAC). 2011-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir.
Çox sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artmışdır, - deyən dövlətimizin başçısı vurğulamışdır ki, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir.
İqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkəmizdə böyük quruculuq-abadlıq işlərinin aparıldığını diqqətə çatdırmışdır. Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. İqtisadi inkişafı göstərən bütün statistik göstəricilər çox müsbətdir. Ölkəmizin valyuta ehtiyatları artır. Artıq bizim 40 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses davam edir. İldən-ilə investisiya qoyuluşu daha da artır.
Bölgələrin inkişafının da uğurla aparıldığını deyən dövlətimizin başçısı bu il ölkədə 100 minə qədər yeni iş yerinin açıldığını vurğulamışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir.
Azərbaycan Prezidenti bildirmişdir ki, bütün bu göstəricilər ölkəmizin çox dinamik və uğurla inkişaf etdiyini deməyə əsas verir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir.