2024-cü ilədək Avstriyada işsizlik və büdcə kəsirləri yüksək səviyyədə olacaq
Vyana, 29 aprel, AZƏRTAC
Dünyanın əksər ölkələrində olduğu kimi koronavirus pandemiyası Avstriyada dövlət büdcəsində kəsir və işsizliyə səbəb olub.
AZƏRTAC xəbər verir ki, maliyyə naziri Qernot Blümel 2024-cü ilədək ölkədə işsizlik və büdcə kəsirlərinin yüksək səviyyədə olacağını bildirib. O qeyd edib ki, 2020-ci böhran ili Avstriya büdcəsində dərin izlər buraxıb, səhiyyə sistemi, iş yerləri və şirkətlərin xilası üçün böyük vəsaitlər sərf edilib. Böhranın davam etdiyini nəzərə alaraq, 2021-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması tələb olunur, eyni zamanda, sərmayələr və iqtisadi inkişaf üçün vəsaitlər ayrılmalıdır.
Nazirin sözlərinə görə, 2020-ci ildə ölkə iqtisadiyyatı 6,6 faiz geriləsə də, bu il ümumi daxili məhsulun 1,5 faiz artımı proqnozlaşdırılır. 2022-ci ildə isə iqtisadi artım 4,7 faiz ola bilər. Dövlət borclarının artımı və işsizliyin səviyyəsi yaxın illərdə davam edəcək və böhrandan öncəki səviyyəyə ən yaxşı halda 2024-cü ildə çatmaq mümkün olacaq.
2020-ci ildə Avstriyada dövlət borclarının həcmi dövlət büdcəsinin 89,6 faizinə çatmaqla rekorda imza atıb. Bu il borcların həcmi 87,6 faizə düşəcəyi gözlənilir. Hazırda Avstriyada işsizliyin səviyyəsi 5,1 faizdir (2020-ci ildə 5,4 faiz) və böhrandan əvvəlki 4,5 faizlik göstərici 2024-cü il üçün gözlənilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana