Respublika Gənclər Kitabxanasında “31 mart-Azərbaycanlıların soyqırımı” adlı tədbir keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “31 Mart-Azərbaycanlıların soyqırımı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Aslan Cəfərov tədbiri ulu öndər Heydər Əliyevin “Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir” sözləri ilə açıb. Sonra direktor 1918-ci ilin qanlı mart-aprel soyqırımı haqqında geniş məlumat verib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva erməni millətçiləri tərəfindən zamanla Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirilməsi, böyük mütəxəssis Bəyim Xuduzadə ermənilərin Qubada, böyük kitabxanaçılar Fəridə Cəfərova və Əminə Vəliyeva onların Şamaxıda törətdikləri qətliamlardan danışıblar.
Şöbə müdirləri Günay Həsənova və Nərminə Xəlilli ermənilərin “böyük Ermənistan” xülyası ilə soyqırımı faktı törətmələri mövzusunda çıxışlarından sonra gəncləri unutqan olmamağa, bu mövzuda təbliğat işini güclü aparmağa, Tamella Məmmədova vətənpərvərlik tərbiyəsini gücləndirməyə səsləyiblər.
Tədbir boyu Azərbaycan dilində “Mart soyqırımı”, rus dilində “31 Mart - Azərbaycanlıların soyqırımı” adlı videoçarxlar, “31 Mart soyqırımı həqiqətləri” adlı virtual kitab sərgisi nümayiş olunub.
Sonda “Tarixin qan yaddaşı” xülasənin təqdimatından sonra “31 mart soyqırımı” adlı kitab sərgisinə baxış keçirilib.