20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
DQİDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Dövlət Komitəsinin əməkdaşları, dini icmaların rəhbərləri, ilahiyyatçılar və dindarlar iştirak etmişlər.
Tədbiri açan Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də baş vermiş faciə barədə danışmışdır. Komitə sədri ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətləri, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək küçələrə və meydanlara çıxaraq buna etiraz bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun misli görünməmiş faciə törətdiyini bildirmişdir. Bildirilmişdir ki, bu, bizim müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi idi. Bu, bir daha sübut edir ki, Azərbaycan azadlığını övladlarının qanı bahasına qazanmışdır.
E.İsgəndərov 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verən ulu öndər Heydər Əliyev hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın informasiya blokadasında olduğu bir zamanda ümummilli liderin qətiyyətini misilsiz bir addım adlandırmışdır. Həmin vaxt hamı, hətta SSRİ-də baş verənləri tez bir şəkildə işıqlandıran xarici KİV-lər də susurdu. Məhz belə bir vaxtda ümummilli lider Heydər Əliyev öz mənəvi ağsaqqallıq missiyasını yerinə yetirərək Moskvada Azərbaycanın haqq səsini ucaltmışdır. Bu, həm də informasiya blokadasının yarılması idi. Çünki ümummilli liderin nüfuzu sayəsində SSRİ-nin və müxtəlif ölkələrin KİV-lərinin nümayəndələri bu bəyanatı işıqlandırmışlar.
Komitə sədri tarixən belə faciələrlə üz-üzə qalan Azərbaycanın bütün sınaqlardan uğurla çıxdığını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada söz sahibi olan ölkələr sırasında durduğunu vurğulamışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulamışlar. Natiqlər cinayətkarların bu günə qədər cəzasız qalmasından təəssüfləndiklərini ifadə etmiş, milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu diqqətə çatdırmışlar.