20 Yanvar Azərbaycan xalqının birlik, fəxr və şərəf günüdür
Bakı, 18 yanvar, AZƏRTAC
“20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşkil etdiyi silsilə tədbirlər Bakıda və regionlarda davam etdirilir.
Cəlilabad Rayon İcra Hakimiyyəti Ombudsmanın Cəlilabad Regional Mərkəzi ilə birgə rayondakı Heydər Əliyev Mərkəzində, 1, 2 və 4 saylı tam orta məktəblərdə, 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə, Tibb və İncəsənət məktəblərində, həmçinin Suluçeşmə kənd əsas məktəbində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda silsilə tədbirlər keçirib.
Tədbirlərdə dövlət orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, fəal gənclər, müəllim və şagirdlər iştirak ediblər.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verib, 27 il əvvəl törədilən bu qətliamın insanlığa qarşı qatı cinayət olduğunu, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığını, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyini vurğulayıb.
Bildirilib ki, o dövrdə faciə ilə bağlı ən ciddi və sərt bəyanatı Azərbaycan xalqı adından ümummilli liderimiz Heydər Əliyev səsləndirib, 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Həmin bəyanatda Ulu Öndərin bu qanlı hadisə ilə bağlı sovet dövlətinin başçısını birbaşa ittiham etməsi onun cəsarətinin, xalqına məhəbbətinin sübutu idi.
Qeyd olunub ki, E.Süleymanova tərəfindən hər il faciənin ildönümü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza müraciət ünvanlanaraq, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnən bu qanlı hadisələri törədənlərin cəzalandırılması və faciəyə hüquqi qiymət verilməsi tələb edilir.