20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda şanlı mübarizə tarixidir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda (AEİ) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AEİ-dən AZƏRTAC-a bildirilib ki, institutun direktoru, professor Maisə Rəhimova 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə işğalçı sovet ordusu Bakıda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı misli görünməmiş cinayət törədib. O deyib: “Həmin dövrdə ulu öndər Heydər Əliyev imperiyanın paytaxtında mətbuat konfransı keçirərək Azərbaycanda Qorbaçov rejiminin dinc əhaliyə divan tutmasına dünyanın mütərəqqi qüvvələrinin etiraz səsini ucaltmasını tələb edib. Bununla da sovet rejiminin törətdiyi cinayət ətrafında yaradılmış informasiya blokadası yarılıb. Vətəninə dönmüş Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edib. O zamandan bu günədək Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar hadisələrində şəhid olmuş vətəndaşlarımızın xatirəsinin daim yad edilməsi istiqamətində tədbirlərin keçirilməsinə diqqət göstərir. Bu müdrik siyasətin nəticəsində artıq dünyanın bir çox ölkələrinin mütərəqqi dairələri 20 Yanvar həqiqətləri barədə məlumatlandırılıb”.
İnstitut direktorunun ümumi işlər üzrə müavini Malik Əliyev, şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktorları Bəhmən Əliyev və Abuzər Ələkbərov, tarix elmləri doktoru Solmaz Məhərrəmova 20 Yanvarda sovet rejimi tərəfindən törədilmiş cinayətə gedən tarixi yoldan söz açıblar. Bildirilib ki, 20 Yanvar faciəsi, eyni zamanda, Azərbaycan xalqının azadlıq uğrunda şanlı mübarizə tarixində parlaq səhifədir.