20 Yanvar faciəsi uşaqların gözü ilə
Bərdə, 18 yanvar, AZƏRTAC
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “20 Yanvar faciəsi uşaqların gözü ilə” adılı rəsm müsabiqəsi təşkil olunub.
Rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 27 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəbləri və ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqımızın tarixinin həm hüzn, həm də şərəf günü, hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Tədbirdə Bərdə şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri faciəyə həsr etdikləri ədəbi-bədii kompozisiya göstəriblər.
Sonra rayon məktəblilərinin 20 Yanvar faciəsinə həsr etdikləri rəsmlər nümayiş olunub.