20 Yanvar faciəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etməyə gələn Bakı Slavyan Universitetinin birinci kurs tələbəsi Sadiq Həmidov deyib.
28 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığını, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdiklərini xatırladan S.Həmidov bildirib ki, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüz Azərbaycan xalqının azadlıq hərəkatını və iradəsini qıra bilmədi.
Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar. 20 Yanvar faciəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu qətliamı törədənlərə öz dərin nifrətini bildirir.
20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunan azadlıq mübarizəsidir. Xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu burada uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər. Şəhidlərimizin ruhunu yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur.