20 Yanvar faciəsini törədənlər suverenlik arzusunda olan xalqımızın iradəsini qırmaq istəyiblər
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində (SDU) Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
SDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları universitetin həyətində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzüb və onların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə SDU-nun rektoru, professor Elxan Hüseynov 20 Yanvar faciəsinin yaranma səbəbləri və bu hadisələr zamanı törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri istiqlaliyyət, azadlıq, suverenlik istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək olub. Lakin silahsız, əliyalın xalq tankların qarşısına çıxaraq uzun illər sovet imperiyasının əsarətindən qurtuldu, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirərək şərəfli bir tarix yazdı. Rektor deyib: “Xalqımızın səsinə hər kəsdən əvvəl səs verən ümummilli lider Heydər Əliyev oldu. O zaman yalnız Ulu Öndər siyasi iradə göstərərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və keçirdiyi yığıncaqda faciəni törədənləri kəskin şəkildə tənqid etdi”.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədirlər. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir.
SDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədovun “Qanlı 20 Yanvar ərəfəsində ölkədə ictimai-siyasi vəziyyət”, tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Samin Qocayevin “Tariximizin qan yaddaşı - 20 Yanvar” mövzularında məruzələri dinlənilib.
SDU-nun şəhid olmuş tələbəsi Həmzə Adıyevin bacısı Səadət Adıyeva bildirib ki, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımız tərəfindən daim uca tutulur, hər il bu hadisənin ildönümü dövlət səviyyəsində böyük ehtiramla qeyd olunur.
Sonra tələbələrin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilib.