QAN YADDAŞI
20 Yanvar hadisəsi yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri insanlığa qarşı törədilən cinayətdir
Bakı, 19 yanvar, AZƏRTAC
1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.
Bu fikirlər “Azəravtoyol” ASC-də 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimində səsləndirilib.
Əvvəlcə 20 Yanvar faciəsində Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, eyni zamanda günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən cəmiyyətin sədri Saleh Məmmədov qeyd edib ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhali sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilib. Bu faciə yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Cəmiyyət sədri əlavə edib ki, ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, xalqımıza qarşı törədilən bu cinayəti, dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin öz xalqına xəyanət etdiyini cəsarətlə söyləmişdir.
“Bununla ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib. Məhz Ulu Öndərin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra həmin qanlı hadisələrə siyasi-hüquqi qiymət verilib, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilib”, - deyə ASC sədri vurğulayıb.
S.Məmmədov diqqətə çatdırıb ki, bu gün də bu siyasəti Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev layiqincə davam etdirir. Belə ki, 20 Yanvar şəhidlərinin ailələrinin, faciə zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə dövlət başçısı tərəfindən əməli tədbirlər görülür.