20 Yanvar hər zaman xalqımızın tarixində qürur günü kimi xatırlanacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor əvəzi Xalıq Yahudov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm hüzn, həm də qürur günü kimi xatırlanacaq.
Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. İndi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.
Daha sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov çıxış edərək bu faciənin xalqımızın həyatında və yaddaşında dərin iz qoyduğunu deyib. C.Bəhramov bildirib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar.
Tələbələr isə çıxışlarında 20 Yanvar hadisəsinə faciə kimi yanaşmadıqlarını deyiblər. Bildirilib ki, Azərbaycan gəncləri bu tarixi qəhrəmanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi yada salır.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli filmlər, slaydlar nümayiş olunub və tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər.