20 Yanvar şəhidlərinin əziz xatirəsi hər zaman ürəklərdə yaşayır
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbiri açaraq bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib. Nəticədə milliyətindən, yaşından və cinsindən asılı olmayaraq, günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib.
Akademiyanın rəisi qeyd edib ki, müstəqilliyimiz uğrunda öz ölkəsinin azadlığını hər şeydən üstün tutaraq canlarından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman ürəklərdə yaşayır və yaşayacaq. Bildirilib ki, bu qanlı faciəyə siyasi-hüquqi qiyməti isə xalqımızın ümummilli lideri Heydər Əliyev verib.
Milli Məclisin deputatı, professor Fəzail İbrahimli həmin qanlı hadisələrdən danışaraq qeyd edib ki, 20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən sovet imperiyasının mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Deputat bildirib ki, 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan edib.
Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.