20 Yanvar şəhidlərinin xatirəsi hər zaman qəlblərdə yaşayacaq
Balakən, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 18-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında keçirilən anım tədbirində səsləndirilib.
Partiya fəallarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə partiyanın rayon təşkilatının sədri Azad Balayev qanlı Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər və faciənin acı nəticələri barədə danışıb, 20 Yanvarın xalqımızın azadlıq mübarizəsi tarixində şanlı bir səhifə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini diqqətə çatdırıb, hazırda Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman qəlblərdə yaşayacaq, onların Vətən uğrunda, azadlıq yolunda şücaətləri gələcək nəsillərə örnək olacaq.