20 Yanvar şəhidlərinin xatirəsi Misirdə yad edilib
Mərasimdə “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib
Qahirə, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi təşkil edib.
Mərasimdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu da təqdim edilib.
Misirin siyasi-ictimai xadimlərinin, Qahirə və Ayn Şəms universitetlərinin tələbələrinin, Azərbaycan diasporunun nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən səfir Şahin Abdullayev 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib. O, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb. 20 Yanvar əməliyyatı nəticəsində 147 nəfərin qətlə yetirildiyi, 700-dən artıq insanın yaralandığı barədə məlumat verib.
Səfir qanlı Yanvar hadisələrinə, habelə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına baxmayaraq, düşünülmüş demokratik islahatlar və müdrik idarəçilik sayəsində ölkəmizin sürətlə inkişaf etdiyini, regional və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrildiyini diqqətə çatdırıb.
Ş.Abdullayev 20 Yanvar hadisələri zamanı Misir ictimaiyyətinin Azərbaycan xalqına göstərdiyi mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
Diplomat tədbir iştirakçılarına Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu haqqında da məlumat verib.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş olunub, Azərbaycan xalqının sovet rejiminə qarşı milli-azadlıq mübarizəsi, ötən əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və qanlı Yanvar qətliamına aparan yol haqqında söhbət açılıb. Faciə zamanı sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilib.
1990-cı illərdə Misirdə deputat olmuş, o zamanlar parlamentdə sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə SSRİ-yə etirazını bildirmiş tanınmış hüquqşünas Dəmirdaş Əl-Uqali mərasimdə çıxış edərək sovet ordusunun həyata keçirdiyi vəhşiliklərdən danışıb, 20 Yanvar hadisələri ilə bağlı Misir xalqının o zamanlar göstərdiyi həssaslıqdan söz açıb.
Tədbirdə Misirin “Əl-Məsəiyyə” qəzetinin baş redaktorunun müavini Məhəmməd Sələmənin qanlı Yanvar hadisələri ilə bağlı materiallarını əks etdirən kitabın təqdimatı da olub. M.Sələmə 20 Yanvar hadisələrinin təsəvvür ediləndən daha dəhşətli olduğunu diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə