QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılır
Bakı, 19 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdindəki mədəniyyət və təhsil ocaqlarında Qanlı Yanvar faciəsinin növbəti ildönümü münasibətilə “açıq qapı”lar, sərgilər, ədəbi-bədii kompozisiyalar, söhbətlər, “dəyirmi masa”lar keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təşkil edilib.
“20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi”, “Qəhrəmanlıq salnaməsi”, “20 Yanvar - şücaət və cəsarət rəmzi”, “Qəhrəmanlığa aparan yol”, “Əbədi xatirəyə dönənlər” və digər mövzulu anma mərasimlərində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüzdən, faciənin başvermə səbəblərindən və tariximizdəki mövqeyindən söhbət açılıb.