20 Yanvar tariximizin həm qanlı, həm də şanlı səhifəsidir
Bakı, 18 yanvar (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə 24 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, 20 Yanvar təkcə faciə günümüz deyil, həm də tariximizin şanlı səhifəsidir.
Bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəman oğul və qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı olmuşlar. Dinc insanlar sovet ordusunun təpədən dırnağadək silahlanmış hissələrinin təcavüzünə məruz qalmışlar. Həmin gün yaddaşlara sovet-kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmağa cəhd etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunmuşdur. Qırğın sonrakı günlərdə də davam etdirilmişdir.
Vurğulanmışdır ki, bütün ömrü boyu ürəyi xalqının yanında olan ulu öndər Heydər Əliyev faciənin ertəsi günü ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını və bu hadisəni törədənləri pisləyən kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim uca tutulduğunu bildirmişlər. Diqqətə çatdırılmışdır ki, 20 Yanvar xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Belə ki, imperiya ordusunun cəza tədbirləri millətimizin mübarizə əzmini qıra bilmədi, əksinə, xalqı yumruq kimi birləşdirdi.
Tədbirdə belə bir inam ifadə olunmuşdur ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlığı yaddaşlardan heç zaman silinməyəcəkdir.