QAN YADDAŞI
20 Yanvar tariximizin şərəfli və qəhrəmanlıq səhifəsidir
Bakı, 18 yanvar (AZƏRTAC). “Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi”. Ümummilli lider Heydər Əliyevin bu fikirləri yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda keçirilən elmi konfransda səsləndirilmişdir.
AMEA Naxçıvan bölməsindən AZƏRTAC-a bildirmişlər ki, konfransı giriş sözü ilə açan bölməsin sədri, akademik İsmayıl Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş vəhşiliklərin tariximizin ən qanlı səhifələrindən olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, Sovet İttifaqının dövlət terroruna qarşı, eyni zamanda, erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdiyi o qanlı hadisələrə qarşı vahid milli mövqeyin nümayiş etdirilməsi səbəbindən isə bu hadisələr həm də tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən hesab edilə bilər. 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, yüzlərlə insan yaralanmış, xəsarət almış və qanunsuz həbs edilmişdir.
Qanlı qırğınlara hüquqi siyasi qiymətin verilməsi tarixindən danışan İ.Hacıyev bu istiqamətdə ilk addımın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən atıldığını, məhz ümummilli liderin səyləri sayəsində hadisələrə real hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırmışdır.
Sonra AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “20 Yanvar faciəsinin səbəbləri və günahkarları”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi siyasi qiymət verilməsi”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “20 Yanvar şəhidləri – iftixar mənbəyimiz”, institutun əməkdaşı Nurlana Əliyeva “20 Yanvar hadisələri: xalqımızın qəhrəmanlıq tarixi”, institutun kiçik elmi işçisi Elnur Kəlbizadə “Qanlı Yanvarın ibrət dərsləri” mövzusunda elmi məruzələrlə çıxış etmişlər.
Məruzələrdə qeyd edilmişdir ki, bir millət kimi sınmadığımız, əyilmədiyimiz, məğlub olmadığımız, ümummilli mənafelər uğrunda birləşə bildiyimiz, azaldığımızı və müstəqilliyimizi qanımızla və canımızla qoruya bildiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda, qəhrəmanlıq salnaməmizdir. Bu tarixi əməlləri ilə yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi isə damarlarında azərbaycanlı qanı daşıyan hər bir insan üçün əzizdir.