20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “Qəhrəmanlıq tariximiz” mövzusunda tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov 20 Yanvar faciəsindən 28 il ötməsinə baxmayaraq, həmin məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu deyib. Diqqətə çatdırılıb ki, 1990-cı ilin qanlı-qadalı günündə Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.
BSU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov bildirib ki, bu tarix ölkəmizin istiqlal yolunun zirvəsi, milli məfkurəmizin oyanış günü idi. O deyib: “20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tanklar altında əzmək olub. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi”.
Gənc nəsli öz tarixi keçmişini unutmamağa səsləyən BSU-nun ikinci kurs magistrantı Natiq Nəsirov 20 Yanvar hadisələrinədək Azərbaycan xalqına qarşı törədilən faciələrə bir daha nəzər salıb.
Sonda BSU-nun tələbələri və bu universitetin Məktəb-Lisey Kompleksinin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı şeirlər söyləyiblər.