REGİONLAR
Vətən müharibəsi şəhidi Xəyal Əliyevin xatirəsi anılıb VİDEO
Füzuli, 27 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Xəyal Əliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Aşağı Yağlıvənd kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Əliyev Xəyal Saleh oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, şagirdlər, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edənlər Xəyalın Vətən sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, əslən Füzuli rayonunun Yağlıvənd kəndindən olan Şəhid Əliyev Xəyal Saleh oğlu 1999-cu il aprelin 25-də Beyləqanın Qəhrəmanlı qəsəbəsində məcburi köçkün ailəsində dünyaya göz açıb. 2006-2017-ci illərdə Qəhrəmanlı kəndində tam orta məktəbi oxuyub. Hələ azyaşlı vaxtlarından ata-baba yurdunun işğalda olması Xəyalı çox düşündürüb. Vətənə ülvi hislər bəsləyən Xəyal gələcəkdə hərbçi olmaq istəyib. 2018-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb və həqiqi hərbi xidmətdən qayıdandan sonra N saylı kəşfiyyat taborunda könüllü olaraq xidmətini davam etdirib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, istiqamətlərində gedən döyüşlərdə şücaəti ilə seçilib. Oktyabrın 2-də şəhidlik zirvəsinə yüksəlib.
Xəyal Əliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğurunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.