REGİONLAR
“Qafqaz gözəli”nin sarayı FOTO VİDEO















Lənkəran, 10 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsində “Qafqaz gözəli” seçilən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə tikdirdiyi saray dünya arxitekturasının nadir incilərindən biridir. Lənkərana gələn qonaqların və turistlərin ziyarət məkanına çevrilən və Xan sarayı kimi tanınan tikili şəhərin mərkəzində yerləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində Qərb və Şərq, həm də milli memarlıq elementlərindən istifadə olunub. Sarayın fasadları əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialı Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binasıdır.
Xan sarayı Lənkəranda həm də ilk elektrik enerjisi olan tikilidir. 1908-1910-cu illərdə binanın inşası davam etdirilərkən burada daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub.
Mir Əhməd xanın və Tuğra xanımın övladı olmayıb. 1916-cı ildə Mir Əhməd xan Fransaya səfərləri zamanı vəfat edib, Lənkəranda dəfn olunub. Lənkəran Tarix-Diyarşünaslıq Мuzeyinin direktor əvəzi İlham Quliyev bildirib ki, sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilib: “Tuğra xanım evdən çıxarılıb və təqib olunub. Bakıya köçən Tuğra xanım çətin günlər yaşayıb. Hətta dolanışıq üçün xadimə işləyib, bir daha Lənkərana qayıda bilməyib. Sarayda isə şəhər soveti yerləşdirilib. Tuğra xanımın cehizi olan 7 ədəd Venesiya güzgüsündən 6-sı yoxa çıxsa da, müstəqillik illərində onlardan üçü tapılaraq geri qaytarılıb”.
Xan sarayı hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən 10 minədək eksponat sərgilənir.
Qeyd edək ki, Xan sarayı sonuncu dəfə 2015-ci ildə əsaslı təmir olunub. Bina yerli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.