CƏMİYYƏT
FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı xüsusi təyyarə ilə qardaş ölkəyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin nümayəndəsi Ərəstun Əliyevin sözlərinə görə, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.
Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq.